CƏMİYYƏT


Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı, 2 avqust, AZƏRTAC

Paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 31-də saat 23 radələrində “102 – Zəng Mərkəzi” Xidmətinə Xətai rayonunun Məhəmməd Hadi və Vunq Tau küçələrində Bakı şəhər sakinləri R.Fərzəliyevin “Toyota”, Ş.Nəsibovun və M.İsgəndərovun “Mercedes”, Y.Hüseynovun “Nissan” markalı avtomobillərinin yan güzgülərinin şüşələrinin oğurlandığı barədə müraciətlər daxil olub.

Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Fərman Heydərov olduğu müəyyən edilib.

Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əhmədbəyov küçəsində Sumqayıt şəhər sakini Z.Məmmədovun “Mazda” markalı avtomobilindən 1300 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini P.Quliyevin “Hyundai” markalı avtomobilindən 87 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Elvin Məmmədov saxlanılıb.

Hər üç faktla bağlı cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.