CƏMİYYƏT
Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 16 noyabr, AZƏRTAC
Paytaxtda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 14-nə keçən gecə rayonda “Hyundai”, “Mercedes” və “Baic” markalı üç avtomobildən mobil telefonlar, içərisində pul, sənədlər olan çanta və pulqabı oğurlamaqda, həmçinin “Nissan” markalı avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəsul Ağazadə saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakıxanov qəsəbəsindəki avtoyuma məntəqələrinin birində qəsəbə sakini R.Paşayevin mobil telefonunu, həmçinin qəsəbədə şirkətlərin birinə məxsus “Hyundai” markalı avtomobildən mobil telefon və planşet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Mahmudov yaxalanıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.