CƏMİYYƏT
Avtomobilləri qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də saat 23 radələrində Quba rayon sakini Elvin Məmmədovun “VAZ-2103” markalı avtomobilinin Birinci Nügədi kəndindən qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar rayon polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avtomobili qaçırmaqda şübhəli bilinən kənd sakini Pərviz Məmmədov qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil onun həyətində aşkarlanıb.
Bu il avqustun 2-dən oktyabrın 4-dək olan müddətdə paytaxtın Yeni Günəşli qəsəbəsindəki avtomobil təmiri sexlərinin birindən Xırdalan şəhər sakini Samiq İsmayılovun “Chevrolet” markalı avtomobilinin oğurlanması barədə Suraxanı rayon polis idarəsinin 33-cü polis bölməsinə müraciət daxil olub.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlamaqda şübhəli bilinən üç nəfər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Abbas Şahmuradov, Ramin Əliyev və Yevlax rayon sakini Rafael Şərifli olduqları müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırmalar aparılır.