Avtomobillərin Olimpiya stadionuna birbaşa çıxışını təmin edəcək yolun tikintisi sürətlə davam etdirilir VİDEO
AzerTAg.az
Bakı, 7 iyul (AZƏRTAC). 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar Böyükşor gölü ətrafında tikilən Olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz və rahat çıxışını təmin edəcək avtomobil yolunun çəkilişi sürətlə davam etdirilir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihəyə uyğun olaraq stadion ətrafında 4 dairəvi qovşaq, 3 körpü, 2 tunel, həmçinin piyadalar üçün körpü və tunelin tikintisi nəzərdə tutulmuşdur.
İnşa olunacaq 2 tunel və 3 körpü avtomobillərin Olimpiya stadionu ərazisinə, eləcə də stadiondan və hava limanından şəhərin mərkəzinə birbaşa hərəkətini təmin edəcəkdir. Bundan əlavə, Olimpiya stadionu ərazisində salınacaq dairəvi yol qovşağına çıxmaq da mümkün olacaqdır.
Tikintisi davam etdirilən piyada körpüsü və tuneli isə metronun “Koroğlu” stansiyasından Olimpiya stadionuna piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulur.
Tikinti işləri 2015-ci il martın sonunadək başa çatdırılacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var