İQTİSADİYYAT
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 133 148 elektron icbari sığorta müqaviləsi bağlanılıb
Bakı, 6 iyul, AZƏRTAC
Cari ilin iyun ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 133 148 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.
İSB-dan AZƏRTAC-a bildiriblər ki, bunlardan 14797-si xarici ölkələrdə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub. Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 10 922 647 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında və sığorta haqlarının məbləğində müvafiq olaraq 58 faiz və 63 faiz artım müşahidə edilib.
2016-cı il noyabrın 1-dən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb. 1 noyabr tarixinədək kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək qüvvədədir.
Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard İnsurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İPƏK YOLU SIĞORTA” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.