CƏMİYYƏT


Avtoqəzalar zamanı xəsarət alanların sayında azalma var

Bakı, 20 noyabr, AZƏRTAC

Bu ilin on ayı ərzində Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına avtonəqliyyat qəzaları ilə əlaqədar 1937 müraciət daxil olub və həmin hadisələr nəticəsində 1691 nəfər xəstəxanalara yerləşdirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə baş verən 2020 nəqliyyat hadisəsi nəticəsində 1771 nəfər hospitalizasiya olunub. Bu, avtonəqliyyat qəzaları nəticəsində ötən illə müqayisədə 83, hospitalizasiya sayında isə 80 azalma deməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva Ümumdünya Yol-Nəqliyyatı Hadisələri Qurbanlarının Xatirə Gününə həsr edilən mətbuat konfransında məlumat verib.

Konfrans zamanı stansiyanın baş həkiminin müavini onu da jurnalistlərin nəzərinə çatdırıb ki, ötən illə müqayisədə ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən avtoqəzalar zamanı xəsarət alanların sayındakı azalma müşahidə olunur. Keçən il avtobus qəzalarında xəsarət alanların sayı 79 idisə, bu il bu rəqəm 39-a düşüb. Həmçinin kütləvi avtoqəzalar zamanı xəsarət alanların sayı da azalaraq 285-dən 202-yə enib.

Mətbuat konfransının iştirakçılarına söylənilib ki, statistikaya əsasən bayram və istirahət günləri, eləcə də axşam saatlarında qaranlıq düşəndən sonra avtoqəza halları daha çox baş verir. Bu, həmin günlərində nəqliyyat vasitələrinin say çoxluğu, həmçinin magistral yollarda hərəkətin intensivliyi ilə izah olunur. Axşam saatlarında avtoqəzaların sayının artmasına nəqliyyat vasitəsini idarə edən şəxslərin iş gününün sonunda yorğunluğu və bəzi yollarda işıqlandırmanın kifayət qədər olmaması da təsir göstərir.

Qeyd olunub ki, bu ilin on ayı ərzində təcili tibbi yardım xidmətinə 567, 6 mindən çox müraciət daxil olub və həmin müraciətlər nəticəsində 52,9 mindən çox xəstə müalicə müəssisələrinə yerləşdirilib. Uşaqlarla əlaqədar 65,3 mindən artıq müraciət edilib və 10, 5 min xəstə həkim nəzarəti altında müalicə olunub. İlin on ayı ərzində reanimasiya tədbirlərin görülməsi nəticəsində 1600 nəfərdən çox xəstə ağır vəziyyətdən çıxarılaraq xilas edilib. Ürək-qan damar xəstəlikləri ilə əlaqədar edilən müraciətlərin sayı 123, 4 min müraciətdən 10, 3 mini xəstəxana şəraitində müalicə alıb. Həmin dövrdə miokard infarktı ilə əlaqədar 697, insultla əlaqədar 3,1 min müraciət daxil olub. Baş həkimin müavinin verdiyi məlumata görə, doğuşla bağlı edilən 2573 müraciətin 2561-i doğum evlərinə yerləşdirilib. Tibb müəssisəsindən kənar 83 doğuş qeydə alınıb və onların hamısı hospitalizasiya olunub. Ümumi müraciətlər arasında bədbəxt hadisələrin sayı 20, 9 –a yaxındır və onlardan 2,9 mini uşaqlarla bağlıdır. Bədbəxt hadisələr zamanı hospitalizasiya olunanların sayı 13, 9 min nəfər, o cümlədən onlardan 1915 nəfəri uşaqlardır.

Mətbuat konfransında yol-nəqliyyat hadisələrinin azalması üçün yolun hərəkət hissəsində piyadaların təhlükəsizlik qaydalarını ciddi şəkildə gözləmələri, yeraltı və yerüstü keçidlərdən istifadə etmələri vacib şərtlərdən biri olduğu vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.