İQTİSADİYYAT
“Avtovağzal” stansiyası 2014-cü ilin may ayında istifadəyə veriləcəkdir VİDEO
Bakı, 4 iyul (AZƏRTAC). Hazırda 23 stansiyası olan Bakı Metropoliteninin stansiyalarının sayı 2035-ci ilədək 3 dəfə çoxalacaqdır. Bakı Metropoliteninin perspektiv inkişaf planına əsasən, yaxın 25 ildə stansiyaların sayının 68-ə, 2040-cı ilədək isə 70-ə çatdırılması planlaşdırılır.
AZƏRTAC-a xəbər verir ki, hazırda tikintisi yekunlaşmaq üzrə olan Bakı Metropoliteninin sayca 24-cü - “Avtovağzal” stansiyasının piramidaşəkilli çıxışının inşası başa çatmışdır. Digər keçidlərdə isə mərmər və qranit döşənmişdir. Hazırda stansiyanın içəri hissəsində təmir işləri aparılır.
“Avtovağzal” stansiyasının sütunsuz platformasının uzunluğu 144 metrdir. Burada ən müasir sistemlərlə təchiz olunan 7 vaqonlu qatarlar hərəkət edəcəkdir.
“Avtovağzal” stansiyasına ventilyasiya sistemindən əlavə kondisioner sistemi də quraşdırılacaq və bu, sərnişinlərin qışda soyuqdan, yayda isə istidən əziyyət çəkməsinin qarşısını alacaqdır.
Bundan əlavə, fiziki imkanları məhdud insanların rahat hərəkət etməsi üçün Bakı Metropoliteninin hazırda tikintisi aparılan “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında ilk dəfə olaraq lift və travolatorlar da quraşdırılacaqdır.
“Avtovağzal” stansiyasına gediş uzunluğu 2 kilometr 200 metrlik keçid stansiyası olan “Memar Əcəmi-2” vasitəsilə həyata keçiriləcəkdir. Stansiyada üzlük işləri başa çatdıqdan sonra 2014-cü ilin əvvəlində qatarların test hərəkəti başlayacaqdır. “Avtovağzal” və “Memar Əcəmi -2” stansiyalarının gələn ilin mayın ilk ongünlüyündə istifadəyə verilməsi planlaşdırılmışdır.