ELM VƏ TƏHSİL
Avtoyükləyici operator peşə ixtisası üzrə qısamüddətli təlimlər keçirilir
Bakı, 16 avqust, AZƏRTAC
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsünə əsasən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə əməkdaşlıq çərçivəsində avtoyükləyici operator ixtisası üzrə qısamüddətli təlimlər keçirilir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlimlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən təşkil edilir. Əsasən istehsalat təlimi üzərindən təşkil edilən təlimlər zamanı iştirakçılar avtoyükləyicinin quruluşunu, texniki xüsusiyyətlərini və təhlükəsizlik qaydalarına əməl olunaraq təyinatı üzrə düzgün istismar edilməsini öyrənəcəklər. Təlimlərə cəlb edilən 15 nəfər 3 qrupa ayrılaraq 17 gün müddətində davam edəcək nəzəri və praktiki tədris prosesinə cəlb olunub.
Qeyd edək ki, təlimin nəzəri hissəsi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəsi isə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanın” Ələt qəsəbəsində yerləşən kompleksində həyata keçirilir. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə logistika istiqaməti üzrə bir sıra qısamüddətli təlimlər təşkil edilir. Təlimlərin əsas məqsədi logistika sahəsi üzrə qabaqcıl müəssisələrlə əməkdaşlıq çərçivəsində əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasıdır.