REGİONLAR
Əvvəl hobbi kimi baxırdı, sonradan təsərrüfat yaratdı - FOTO VİDEO
Salyan, 22 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Salyan sakini əvvəllər hobbi kimi yanaşdığı sahəni indi təsərrüfata çevirib, ondan həm də qazanc əldə edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dovşan təsərrüfatı Salyan rayonu Boranıkənd kənd sakini Elnur Əliyev tərəfindən üç aydan çoxdur yaradılıb.
“Məndə belə bir təsərrüfat yaratmaq istəyi dovşan ətinin dadını gördükdən sonra başladı. Sonra internetdə maraqlandım, dovşan ətinin faydalarını öyrəndim. Daha sonra Kaliforniya növü deyilən 10 baş dovşan aldım, lazımi şərait yaratdım. Artıq 7 baş dovşan balalayıb və balalarının sayı 45-ə çatıb”, - deyə təsərrüfat rəhbəri bildirib.
Dovşan ətinin xeyirli olduğunu deyən Elnur Əliyev gələcəkdə bu sahəni daha da genişləndirmək niyyətindədir: "Dovşan əti yağsız, xolestrensiz olduğundan şəkər, ürək-damar xəstəlikləri üçün çox faydalıdır. Allergiyası olan uşaqlara da xeyri var".
Onun sözlərinə görə, dovşan çox artımlı heyvandır, il ərzində 5-6 dəfə olmaqla, 6-12 bala verir. Elnur Əliyev dovşan yemi kimi yonca, yerkökü və almadan istifadə edir.
Dovşan təsərrüfatının gəlirli sahə olduğunu söyləyən Elnur Əliyev bildirib ki, üç aydan sonra bala dovşanların 2 kiloqramdan çox çəkisi olur və satışa çıxarılır. Hər kiloqramı isə 11-12 manat arasında təklif edilir.