MƏDƏNİYYƏT
“Axınla aşağı” Los-Ancelesdə ən yaxşı tammetrajlı debüt filmi seçilib VİDEO
Bakı, 8 may, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınmış “Axınla aşağı” bədii filmi ABŞ-ın Los-Anceles şəhərində keçirilən “SEEfest” Beynəlxalq Film Festivalında “Ən yaxşı tammetrajlı debüt filmi” mükafatına layiq görülüb.
Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, festival Amerika Kino Akademiyasının xüsusi dəstəyi ilə keçirilir və seçilmiş Avropa filmlərinin ABŞ-da tanınmasına xidmət edir.
Nümayişdə və mükafatların təqdimat mərasimində filmin quruluşçu rejissoru Asif Rüstəmov iştirak edib.
Ekran əsərinin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Teymur Məmmədov və digərləri canlandırıblar.
Qeyd edək ki, filmin dünya premyerası 1263 kino mütəxəssisinin - ümumilikdə 12 min 433 akkreditasiya olunmuş ziyarətçinin qatıldığı nüfuzlu “Karlovy Vary” Beynəlxalq Film Festivalı (Çexiya) çərçivəsində “East of the West” müsabiqə proqramında gerçəkləşib.