REGİONLAR
Axıska türkləri Od çərşənbəsini təmtəraqla qeyd edirlər VİDEO
Xaçmaz, 1 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda yaşayan axıska türkləri Novruz bayramının Od çərşənbəsini xüsusi təmtəraqla qeyd edirlər.
AZƏRTAC xəbər verir ki, Müşkür kəndi Xaçmaz rayonunda axıska türklərinin daha çox məskunlaşdığı yaşayış məntəqələrindəndir. Burada 160-a yaxın axıska türkünə mənsub ailə yaşayır.
Axıska türkləri Od çərşənbəsini adət-ənənəyə uyğun bir tonqal ətrafında qeyd edirlər. Ağsaqqal və ağbirçəklərin xeyir duasından sonra bayram mahnıları oxunur, tonqalın üzərindən atlanırlar. İnanca görə, tonqalın üzərindən atlananda od insanın azar-bezarını yandırır, onu mənən saflaşdırır.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Müşkür inzibati ərazi dairəsi üzrə nümayəndəsi Polad Bədəlov bildirir ki, axıska türkləri bayramlarda xüsusi yeməklər bişirir, süfrəyə növbənöv şirniyyatlar düzürlər. Süfrənin əsas təamı isə özbək plovu və türk mantısı hesab olunur. Bu yeməklər qonşuluqda yaşayan ailələrlə birlikdə bişirilir və bütün sakinlərə paylanılır.
Daha sonra süfrə ətrafında toplaşan axıska türkləri bayram təamlarının dadına baxır, Allahdan ruzi-bərəkət diləyirlər.
Xaçmazda əsasən Özbəkistana deportasiya edilmiş və sonradan yaşamaq üçün ölkəmizə pənah gətirən axıska türkləri yaşayır. Rayonda axıska türkləri də daxil olmaqla, 25-dən çox azsaylı xalq və etnik qrupların nümayəndələri uzun illərdir ki, əmin-amanlıq şəraitində yaşayırlar.