CƏMİYYƏT


Axıska türkləri dünya birliyini Gəncə şəhərinin Ermənistan tərəfindən raket hücumuna məruz qalmasını pisləməyə çağırıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Dünya Axıska Türkləri Birliyi (DATÜB) işğalçı Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri Gəncədə mülki əhalini və mülki obyektləri hədəfə alan raket hücumlarını pisləyib.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə Birliyin qəbul etdiyi bəyanatda Ermənistanın humanitar atəşkəs rejimini pozaraq Gəncə şəhərini raket atəşinə tutması nəticəsində dinc əhali arasında itkilər və yaralılar olduğu bildirilib. Sənəddə, həmçinin deyilir: “Ermənistan tərəfi insanlığa qarşı cinayət törətməkdədir. DATÜB olaraq bu hücumu qətiyyətlə qınayırıq. Bütün gücümüzlə Vətən mübarizəsi aparan Azərbaycanın yanında dayanmağa davam edəcəyimizi bir daha bəyan edirik”.

Birliyin rəhbəri Ziyəddin Kassanov dünya birliyini bu vəhşi hücumu sərt şəkildə pisləməyə çağırıb. O deyib: “Azərbaycanın Vətən mübarizəsində Axıska türkləri olaraq ən ön cərgədə olmağa davam edəcəyik”.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan işğalçı Ermənistan ordusu oktyabrın 11-i gecə saat 2:00 radələrində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci ən böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub. İşğalçıların raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla, 34 nəfər yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.