CƏMİYYƏT
Axtarışda olan doqquz nəfər saxlanılıb
Bakı, 18 iyun, AZƏRTAC
Ötən gün ərzində törədilmiş 19 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə doqquz nəfər, o cümlədən borclu şəxs qismində axtarılan iki nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş dörd ağır yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər ölüb, dörd nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.