CƏMİYYƏT
Ay planetlərin fevral paradına bələdçilik edəcək
Bakı, 28 yanvar, AZƏRTAC
Fevral ayının 20-dək Günəş çıxmazdan əvvəl (dan yeri söküləndə) hər kəs Merkuri, Venera, Mars, Saturn və Yupiteri birdəfəyə və heç bir teleskop olmadan görə bilər.
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev AZƏRTAC-a bildirib ki, bu beş parlaq planet sübh çağında səmada şərqdən qərbə doğru istiqamətdə bir xətt boyunca görünməklə, əsrarəngiz parad mənzərəsi yaradır.
Ən maraqlı məqam isə Yerin yeganə təbii peyki olan Ayın bir planetin “yanından” digərinin “yanına” zahirən keçməklə, səmada sanki “bələdçilik” etməsi olacaq. Birinci “ekskursiya” fevralın 1-də başlayacaq və yarımdairə şəklində görünən Ay Libra bürcündə Marsın cəmi bir neçə dərəcə yaxınlığında olacaq. İki gün sonra, fevralın 3-də oraqvari Ay Saturnun yanından keçəcək, nəhayət, fevralın 6-da Venera və Merkuri ilə maraqlı üçbucaq təşkil edəcək. Planetlərin paradı üçün bundan yaxşı bələdçi ola bilməz.
Qarşıdakı üç həftə ərzində bu mənzərəni görmək şansını əldən qaçırmayın. Bunun üçün sadəcə bir az erkən oyanmaq lazım gələcək.