İDMAN
“Ayaks”ın qapıçısı Marten Stekelenburq mövsümü erkən başa vurub
Bakı, 7 oktyabr, AZƏRTAC
“Ayaks” futbol klubunun qapıçısı Marten Stekelenburq cari mövsümü erkən başa vurub.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb 39 yaşlı qapıçının baldır nahiyəsindən ciddi zədə almasıdır.
Klubun yaydığı məlumata görə, M.Stekelenburq avqustdan bəri zədə üzündən meydana çıxa bilmir. İndiyədək aparılan müalicə prosesinin də nəticəsi effektli olmayıb. Ona görə də Amsterdam klubunun tibbi personalı qapıçının zədəsinin sağalması üçün cərrahiyyə əməliyyatının aparılmasının vacibliyini bildiriblər. Əməliyyatdan sonra isə qolkiper mövsümün sonunadək yaşıl meydana çıxa bilməyəcək.
“Mənim zədəmin sağalması üçün mütləq əməliyyat olunmalıyam. Bundan sonra bərpa prosesi üçün ən azı bir ay vaxt lazım olacaq. Təəssüf olsun ki, məhz bu zədəyə görə mövsüm mənim üçün bitdi. Bu, məni çox pərişan edir”, - deyə M.Stekelenburq bildirib.