İQTİSADİYYAT
“Ayan” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 15 min manat köçürüb
Koronavirus infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması və mübarizə aparılması üçün həmrəylik, birlik və məsuliyyət göstərməliyik – fikrini dəstəkləyən “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) də dəstək kampaniyasına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 15 min manat köçürüb.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bir sıra işlərin nəticəsi olaraq Azərbaycanda sahibkarlığın inkişafı üçün kifayət qədər əlverişli şərait yaradılıb. Buna parlaq misal olaraq 2005-ci ildə yaradılmış “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərmək olar. “Ayan” MMC-nin yaradılmasında məqsəd dünya standartlarına cavab verən yüksəkkeyfiyyətli məhsulların istehsalı, onun daxili və xarici bazarda yayılmasını təşkil etməkdir.
Şirkətdə dünya standartlarına cavab verən texnoloji avadanlıq quraşdırılıb. Burada istehsal olunan məhsullara ciddi nəzarət var. Şirkətdə tətbiq olunan beynəlxalq ISO 9000 və ISO 22000 sistemlərinin tətbiqi buna bariz nümunədir. Şirkət modernləşdirilmə üçün tədbirlər həyata keçirərək məhsulların dizaynını və qablaşdırmasını, estetik görünüşünü yeniləşdirərək istehsalın həcmini artırır.
“Ayan” MMC istehsal olunan yüksəkkeyfiyyətli məhsulların ixracı sahəsində də uğurla fəaliyyət göstərir. Şirkət fəaliyyət göstərdiyi müddət ərzində böyük istehsalçı şirkətlərlə uğurlu əməkdaşlıq sahəsində təcrübə qazanıb. Hazırda şirkət alıcılara qida məhsullarının böyük seçimini təqdim etməyə hazırdır.