CƏMİYYƏT
Aydan Əsədova: Biz gənclər müasir, müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürur duyuruq
Bakı, 1 fevral, Leyla Qurbanova, AZƏRTAC
Azərbaycanda dövlət gənclər siyasəti böyük uğurla həyata keçirilir. Bu sahədə məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycanda yüksək intellektə, geniş dünyagörüşünə malik, vətənini sevən, dövlətinə sadiq gənc nəsil formalaşıb. Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə başlayıb. Ölkəmizdə gənclər təşkilatları fəaliyyətlərini ildən-ilə genişləndirirlər. Bütün bunlar məhz dövlətimizin gənc nəslə diqqət və qayğısı nəticəsində mümkün olub.
Bunu 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn fəal gənc Bakı İdarəetmə və Texnologiya kollecinin məzunu Aydan Əsədova AZƏRTAC-a müsahibəsində deyib.
Daha əvvəl “ASAN” könüllüsü kimi fəaliyyət göstərdiyini vurğulayan A.Əsədova bildirib: “Azərbaycanın çoxminli könüllüləri sırasında fəaliyyətimi hazırda da davam etdirirəm. Son illər gənclərimizin fəallığının artması daha çox müşahidə edilir. Biz gənclər müasir müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürur duyuruq”.