SİYASƏT


Aydın Hüseynov: Prezidentin bu Fərmanından sonra Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan vətəndaşlarının sosial problemlərinin həlli daim dövlətimizin başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Prezidentin imzaladığı müvafiq fərman və sərəncamlar, vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud problemlər barədə informasiyaları onların özlərindən alması bunun əyani təsdiqidir. Prezident İlham Əliyev bu gün imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında”

Fərmanla daha bir “çoxillik həllolunmaz problemə” son qoydu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Azərbaycan Respublikasında əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Sosial siyasətin təməl prinsipində güclü iqtisadiyyatın dayandığını deyən deputat əlavə edib ki, bu qərar ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə sağlamlaşdırıcı təsir göstərəcək ki, bu da vətəndaşların həyatında özünü büruzə verəcək.

A.Hüseynov bildirib ki, Azərbaycan Prezidentinin imzaladığı bu Fərman olduqca önəmlidir. Ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərin hüquq və maraqları nəzərə alınmadan aparılmışdı ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdi. Dövlətimizin başçısı bu Fərmanı çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafeləri və ölkədə sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalayıb. Bu Fərman çox böyük sevinclə və rəğbətlə qarşılandı. Artıq Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Mənzil sahibləri bir daha sənəd problemi ilə üzləşməyəcəklər. Bir sözlə, dövlətimizin başçısı İlham Əliyev öz fəaliyyəti ilə hər dəfə sübut edir ki, o, hər bir azərbaycanlının Prezidentidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.