SİYASƏT


Aydın Hüseynov: Tarixi missiyasını uğurla başa vuran Azərbaycan Ordusu ilə fəxr edirik

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycanda ordu quruculuğu həmişə dövlətin diqqət mərkəzində olub. Həm döyüş, həm də mənəvi hazırlıq bir-birini tamamlamaqla istər ayrılıqda, istərsə də vəhdətdə gücləndirilib. Bir sözlə, ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətidir.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Ordusu bu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Dövlətimizin başçısının Azərbaycan Silahlı Qüvvələrində bütün istiqamətlərdə həyata keçirdiyi islahatlar ordunun döyüş qabiliyyətini artırıb, nizam-intizamı və hərbi qulluqçuların sosial bazasını gücləndirib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tarixində silinməz izi olduğunu qeyd edən A.Hüseynov cümhuriyyətin bizə zəngin dövlət quruculuğu təcrübəsini miras qoyduğunu bildirib. Ordusu güclü olan dövlət basılmazdır. Təbii ki, iqtisadi gücümüz və güclü ordu 44 günlük müharibədə Qələbəmizi şərtləndirən əsas amillərdəndir. Milli həmrəyliyimiz, beynəlxalq səviyyədə qazanılan uğurlar və bütün bunları təmin və təşkil edən, bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran Prezident İlham Əliyev kimi liderin olması Azərbaycanı qalib etdi.

Prezident İlham Əliyev hələ 2017-ci ildə “N” saylı hərbi hissəsinin yeni şəhərciyinin açılışında bildirdi ki, biz öz iqtisadi gücümüzü artıracağıq və bütün böhranlara baxmayaraq, ordumuza nə qədər vəsait lazımdırsa, o qədər də təmin ediləcəkdir. Bu gün də bizim büdcə xərclərimizin strukturunda hərbi xərclər birinci yerdədir. Bu proses indi də davam etdirilir. Ötən ilin və bu ilin dövlət büdcəsində ölkənin müdafiə və təhlükəsizlik məsələlərinə əsaslı məbləğdə vəsait ayrılıb.

Azərbaycan Ordusunun 100 illik yubileyinin 2018-ci ildə təntənə ilə qeyd olunduğunu diqqətə çatdıran deputat vurğulayıb ki, müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.

“Vətən müharibəsinə kimi ön xətdə yeni hərbi hissələrin tikilib istifadəyə verilməsi, müxtəlif təyinatlı, bu sıradan beynəlxalq təlimlərin keçirilməsi ordunun döyüş hazırlığının da, mənəvi-psixoloji hazırlığının da yüksəldilməsində əhəmiyyətli oldu. Vətən müharibəsi ərəfəsində beynəlxalq ranqlı hərbi ekspertlərinin rəyinə görə Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında idi.

Müharibə dövründə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük sərkərdə olduğunu göstərdi. Dövlətimizin başçısının həmin dövrdə fasiləsiz və yorulmadan bütün cəbhələrdə fəaliyyət göstərdi. Vətən müharibəsi dünyaya Azərbaycan dövlətinin, xalqının, ordusunun gücünü göstərdi. Hamı Vətən üçün həmrəy olaraq yumruq kimi birləşdi. Hərbçilərimiz rəşadət nümayiş etdirərək, qarşılarına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirdilər.

Azərbaycan Ordusu öz tarixi missiyasını uğurla reallaşdırdı. Biz ordumuzun rəşadəti sayəsində ərazi bütövlüyümüzü bərpa edərək, 30 ilə yaxın davam edən işğala son qoyduq. Üç minə yaxın azərbaycanlı müqəddəs torpaq və bayraq üçün canını verdi. Ordumuzla fəxr edirik!”, - deyə Aydın Hüseynov qeyd edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.