İDMAN


Aydin Karaca: Avropada Azərbaycanı təmsil edən futbol klublarının sayının çox olmasını arzulayırıq

Bakı, 14 fevral, AZƏRTAC

Uzun zamandır Avropada Azərbaycana aid futbol mərkəzinin yaradılmasına ehtiyac var idi. Bu zərurətlə əlaqədar Almaniyada “AZE Naxçıvan-Köln SK” klubu yaradılıb. Klubun prezidenti Aydin Karaca “AZE Naxçıvan-Köln SK”nın yaradılması və gələcək planları barədə AZƏRTAC-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Aydın bəy, mümkünsə, oxucularımıza özünüz barədə məlumat verərdiniz. Futbola gəlişiniz nə zamandan başladı? Avropada belə bir futbol klubunun yaradılması oxucularımız üçün çox maraqlıdır..

- Əvvəla, məni oxuculara tanıtmaq, azərbaycanlı qardaşlarımızla aramızda körpü yaratdığınız üçün sizə təşəkkür edirəm.

Mən 1967-ci il iyunun 16-da Türkiyənin Akhisar qəsəbəsində dünyaya gəlmişəm. 1979-cu ildə ailəmlə birlikdə Almaniyaya köçmüşük. Futbola marağım isə kiçik yaşlarımdan olub. Çox kiçik yaşlarından futbol həyatına atıldım. Yeddi yaşında olarkən Türkiyədə, dörd il sonra Almaniyanın “PSV-Köln” komandasında oynamağa başladım. 1995-ci ildə “Fatihspor” futbol komandasını qurduq. Daha sonra bu komandanın adı dəyişdirildi və 1996-cı ildən “JSV Köln-96” adlandırıldı. 1996-cı ildən bu günədək bu futbol komandasına rəhbərlik edirəm. Bundan başqa, “Atletiko Köln-96” futzal komandamız da fəaliyyət göstərir.

- Necə oldu ki, Azərbaycan adını daşıyan futbol komandası yaratmağa qərar verdiniz? Niyə, məhz Naxçıvan? Naxçıvanla sizi bağlayan bir səbəb varmı?

- Avropada Türkiyə türklərinin sayı təxminən 10 milyona yaxındır. Təkcə Almaniyada Türkiyə adı altında yüzlərlə futbol komandası fəaliyyət göstərir. Digər Avropa ölkələrini də əlavə etsək belə klubların sayı minə çatır. Apardığım araşdırmalara görə, Avropada Azərbaycan adı ilə peşəkar səviyyədə fəaliyyət göstərən klub yoxdur. Biz “AZE Naxçıvan-Köln SK” klubunu təsis etdiyimiz vaxt Avropada təkcə Avstriyanın paytaxtı Vyanada “Qarabağ” klubu vardı. Aldığımız son məlumatlara görə, hazırda həmin klub fəaliyyət göstərmir. Bu, əlbəttə, təəssüf doğurur. Arzu edərdik ki, Avropada Azərbaycanı təmsil edən futbol klublarının sayı çox olsun. Bu, Azərbaycan futbolunun da inkişafına ciddi töhfə verə bilər.

Hazırda Avropada fəaliyyət göstərən peşəkar Azərbaycan klubu yoxdur. Buna görə qərara gəldik ki, Azərbaycanla bağlı futbol klubu təsis edək. Bu istiqamətdə araşdırma apardıq. Sevindirici haldır ki, Ağdamın “Qarabağ” futbol klubu artıq Avropada tanınır. Güclü “Neftçi” və digər klublar var. Naxçıvan kimi qədim tarixi olan bölgənin adını daşıyan tanınmış futbol klubu Avropada yoxdur. Eyni zamanda, blokadada olan bu muxtar vilayətin tanınmasına ehtiyac olduğunu düşünürük. Naxçıvanın tanınması Azərbaycanın tanınması deməkdir. Həm də Azərbaycan tarixinə baxdığımız zaman bu bölgə həm də görkəmli tarixi şəxsiyyətlərin vətəni olub. İnanıram ki, komandamızla Avropada Azərbaycanın təbliği işinə daha böyük töhfə verəcəyik.

- Qarşıda hansı planlar var, əsas hədəflər hansılardır?

- Futbolda səbir çox önəmlidir. Əgər gələcəyə yönəlik uğur əldə etmək istəyirsinizsə, mütləq səbir edəcəksəniz. İlk növbədə, uşaq futbolunun inkişafı barədə düşünmək lazımdır. Bir çox klubların uğursuzluqlarının əsas səbəbi uşaq futbolunu inkişaf etdirib əsas heyət üçün gənc oyunçu yetişdirə bilməməsidir. Bunun nəticəsində maddi ehtiyatlar transferlərə sərf edilir. Bu da qarşıdakı dövrdə maliyyə çətinliklərinin yaranmasına səbəb olur. Biz əsas diqqəti gənc oyunçuların yetişməsinə, futbolçu bazasının formalaşdırılmasına yönəltməyə çalışırıq.

Komandanı qurmaqda digər məqsədlərimizdən biri də Azərbaycanın futbol klubları üçün təlim-məşq mərkəzi formalaşdırmaqdır. Gələcəkdə Azərbaycan komandaları Kölnə gələrək təlim-məşq toplanışlarını məhz bizim mərkəzimizdə həyata keçirə bilərlər. Bir sözlə, Azərbaycan ilə Avropa arasında körpü rolunu oynamağı qarşımıza məqsəd qoymuşuq. Bu, Azərbaycan klubları üçün də əlverişli imkan deməkdir.

- Bu yaxınlarda mətbuatda gedən məlumatlardan da məlum olur ki, klubun akademiyasının yaradılması qərara alınıb. Avropada, xüsusən Almaniyada uşaq futbolunun inkişafı təcrübəsindən necə yararlanacaqsınız?

- Haqlısınız. Avropa uşaq futbolunun inkişafı ilə bağlı çox böyük yol qət edib. Bu baxımdan Avropanın təcrübəsindən yararlanmamaq mümkün deyil. Xüsusən “Ayaks” klubunun təcrübəsindən yararlanmağı qərara almışıq. Avropanın digər komandaları ilə əməkdaşlıq edərək onların da təcrübələrindən bəhrələnməyi planlaşdırırıq.

- Azərbaycan futbol qurumları, xüsusən AFFA ilə əməkdaşlıq etməyi planlaşdırırsınızmı?

- Qapımızın bütün qurumlar üçün açıq olduğunu bəyan etmək istəyirəm. AFFA ilə əməkdaşlıqda maraqlıyıq. Bu məqsədlə assosiasiyanın rəhbərliyinə müraciət etmişik. Ümid edirik ki, AFFA rəhbərliyi müraciətimizi müsbət dəyərləndirəcək və bizimlə fəal əməkdaşlıq edəcək. Eyni zamanda, AZƏRTAC-ın vasitəsilə Azərbaycan futbol klublarına müraciət edərək onlarla da əməkdaşlığa hazır olduğumuzu bəyan etmək istərdim.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.