CƏMİYYƏT


Aydın Mirzəzadə: əfv Sərəncamı göstərir ki, hər bir vətəndaşın probleminin həlli ölkə rəhbərliyinin diqqətindədir

Bakı, 17 mart, M.İsayev, AZƏRTAC

Prezident İlham Əliyevin 16 mart tarixli Sərəncamı ilə 431 nəfər məhkum əfv olundu. Bu gün dörd cəzaçəkmə müəssisəsində həmin insanlara buraxılış vərəqələri təqdim etdik. Onlar ikiqat bayram sevinci yaşadılar. Eyni zamanda, cəzaçəkmə müəssisələrinin yanında toplaşmış məhkumların ailə üzvlərinə, yaxınlarına və qohumlarına gözaydınlığı verdik.

Bu barədə AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Aydın Mirzəzadə məlumat verib.

Aydın Mirzəzadə qeyd edib ki, belə əfv sərəncamları Prezident İlham Əliyev tərəfindən vaxtaşırı imzalanır. Son illərdə dövlətimizin başçısı 35 əfv sərəncamı imzalayıb, beş mindən çox məhbus həbsdən azad edilib. Bu, böyük humanistlikdir. Heç bir ölkədə vətəndaşa belə humanistcəsinə yanaşılmır. Prezidentimiz həmin insanlara özlərini həyatda bir daha sınamaq imkanı verir. Onları öz ailələrinə, öz mühitinə qaytarır. Bu, bir daha göstərir ki, hər bir vətəndaşın probleminin həlli, onların qayğıları ölkə rəhbərliyinin diqqətindədir.

Azadlığa çıxan məhbuslar Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Dedilər ki, bir daha səhv etməyəcək, qanuna riayət edən nümunəvi vətəndaşlar olacaqlar. Azərbaycan xalqı üçün əziz olan Novruz bayramı ərəfəsində belə bir humanist addımın atılması və belə bir tədbirin keçirilməsi Azərbaycanda insan hüquqlarının yüksək səviyyədə təmin olunmasından, humanizm prinsiplərinə sadiqlikdən xəbər verir. Bunun qarantı dövlətimizin başçısıdır.

“Çıxarış vərəqələri təqdim edilən andan həmin məhbuslar cəzaçəkmə müəssisələrindən azad edildilər. Onlar tezliklə öz doğmalarının yanında olacaqlar. Bütün bu prosesə əvvəlcədən hazırlıq görülür. Dünən Prezidentin Sərəncamından dərhal sonra müvafiq sənədlər hazırlandı. Bu prosesdə təkcə penitensiar sistemin əməkdaşları deyil, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, tanınmış ziyalılar, mətbuat nümayəndələri iştirak ediblər. Bu məsələnin ictimailəşməsi dövlətin hər bir vətəndaşına diqqətlə yanaşmasını göstərir”, - deyə deputat bildirib.

Cəzaçəkmə müəssisələrində məhbuslar üçün lazımi şərait yaradıldığının şahidi olduğunu deyən Aydın Mirzəzadə vurğulayıb ki, son illərdə penitensiar sahədə qanunvericilik aktları liberallaşdırılıb, saxlanma şəraiti, qida rejimi, cəza çəkən şəxslərə qarşı rəftar yaxşılaşıb, onlara tibbi yardım göstərilir və islah olunma prosesində təkmilləşmə müşahidə olunur. Bu göstərir ki, vətəndaşlarımızın hüquqlarının qorunmasında bütün aspektlər nəzərə alınır, o cümlədən məhbuslar öz səhvlərini başa düşdükdə, cəmiyyət üçün artıq təhlükə törətmədikdə onlar həbsdən azad oluna bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.