ELM VƏ TƏHSİL
“Ayın tədqiqatçı bioloqlar məktəbi” nominasiyasının qalibləri müəyyənləşdirilib
Bakı, 12 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində ötən ayın qalibləri məlum olub.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə Bakıdakı ümumi təhsil məktəblərinin fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə “Ayın tədqiqatçı bioloqlar məktəbi” nominasiyasında 201, 220, 283 nömrəli məktəblər birinci, 5, 102, 258 nömrəli məktəblər ikinci, 110, 149 və 186 nömrəli məktəblər üçüncü yerə layiq görülüb.
“Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə paytaxtın 53, 111, 144, 218, 229, 238, 253, 270, 278 və 319 nömrəli məktəbləri də fəallıqları ilə seçilib.
Layihə üzrə müəyyənləşdirilmiş mövzuların reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.
Bakı şəhərinin 12 inzibati rayonunun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, “açıq dərs” və sərgilər keçirilib, araşdırmalar aparılıb. Bundan başqa, məktəblilərin Mərdəkan qəsəbəsindəki “Nəbatat” bağına, Bakı Heyvanat Parkına, Xəzər dənizi sahillərinə ekskursiyaları da təşkil edilib.