CƏMİYYƏT
Aynur Sabitova: Heydər Əliyevin humanizminin nəticəsi olaraq Azərbaycan Şərqdə ölüm hökmünü ilk ləğv edən ölkə kimi tarixə düşüb VİDEO
Bakı, 11 mart, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir müstəqil dövlətçilik tariximiz çoxsaylı xoşməramlı addımlarla, hər kəsin rəğbətini qazanan humanizm nümunələri ilə zəngindir. Ölkədə insan hüquq və azadlıqlarının qorunması, eyni zamanda, cinayət törədən şəxslərin yenidən cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımların miqyası çox böyükdür. Məhz Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Əvvəlcə ölüm hökmü üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunmuş amnistiya aktının yekunları ilə bağlı martın 11-də təşkil olunan brifinqdə deyib.
Aynur Sabitova bildirib ki, humanizm siyasətinin vacib istiqamətlərindən biri cinayət törətmiş, cinayətini etiraf etmiş və peşman olmuş şəxslərin əfv edilməsi, bağışlanmasıdır.
İdarə rəisi vurğulayıb ki, Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb. 1995-2003-cü illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib. İmzalanmış 32 əfv fərmanı ilə 3100-dən çox məhkum bağışlanıb.