REGİONLAR
Aynurə İsmayılova: Orxan hələ uşaq idi, 16 yaşı vardı, arzuları ürəyində qaldı...VİDEO
Tərtər, 24 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əks hücumları qarşısında tab gətirməyən Ermənistan ordusu hərbi cinayətlər törədərək yaşayış məntəqələrini atəşə tutur, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror aktları həyata keçirirdi. Belə terror əməli nəticəsində həlak olanlardan biri də 16 yaşlı Orxandır. Oktyabrın 24-də səhər saatlarında erməni hərbçiləri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində bağda xurma dərən İsmayılzadə Orxan Rəhbər oğlu həlak oldu.
AZƏRTAC-ın bölgə müxbiri Orxan İsmayılzadənin evinə gedərək, ailəsi ilə həmsöhbət olub. Orxanın anası Aynurə İsmayılova göz yaşı ilə həmin günü xatırlayır: “Orxan həmin gün bacım qızıgilə getmişdi. Onların bağında xurma dərəndə ermənilərin atdığı raketin partlaması nəticəsində qəlpə dəyib, elə oradaca həlak olub. Həmin vaxt mən evdə idim. Partlayış səsinə qapıya qaçdım. Mənə dedilər ki, bacın qızı yaralanıb. Həyətlərinə raket düşüb. Sonra böyük oğlumla qardaşım oğlu ağlaya-ağlaya gəldilər. Soruşdum ki, niyə ağlayırsan? Dedi qardaşıma qəlpə dəyib... Allah ermənilərə lənət eləsin. Hamını gözüyaşlı qoydular. Orxan hələ uşaq idi, 16 yaşı vardı, arzuları ürəyində qaldı... 16 yaşında şəhid oldu. Sözəbaxan, hər şeyin yerini bilən idi. Hamı Orxanı çox istəyirdi. Bütün kənd onun üçün göz yaşı tökdü. Allah bütün şəhidlərə rəhmət eləsin, yerləri cənnət olsun...”.
Orxanın nənəsi Zabilə Məmmədova hələ də sevimli nəvəsinin yoxluğu ilə barışa bilmir. “Orxan çox ağıllı, istiqanlı uşaq idi. Müəllimlər də həmişə ondan razılıq edirdilər. Orxan deyirdi ki, Allah eləsin kəndimizə şəhid gəlməsin. Amma özü şəhid oldu. Tərtərdə, Bərdədə, Gəncədə nə qədər günahsız uşaqlar qətlə yetirildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, 44 gün ərzində erməni hərbi birləşmələri tərəfindən təkcə Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb. Rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial obyektlərinə xeyli ziyan dəyib.
Ümumilikdə qırx dörd günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Bərdə, Gəncə, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutublar. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 12 min 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə 1018 fermer təsərrüfatına, mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.