Ayşa Rau: İstərdim ki, gələcəkdə Azərbaycan uşaq teatrları ilə əməkdaşlıq edək
AzerTAg.az
Bakı, 4 noyabr, Abdulla Suvar, AZƏRTAC
Bakı Beynəlxalq Teatr Konfransına multikulturalizm və incəsənətin dünyanı dəyişə bilməsi kimi yanaşıram. Düşünürəm ki, teatr vasitəsilə uşaqlarda dəyərləri inkişaf etdirmək mümkündür. Çünki sən başqa, fərqli dillərdə danışdığın halda, teatr yalnız bir dildə danışır. Bu, öyrənmək üçün gözəl dildir və uşaqlar da bu dili gözəl öyrənə bilərlər. Teatr onlara özlərinə əminlik imkanı da yaradır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Üçüncü Bakı Beynəlxalq Teatr Konfransında iştirak etmək üçün Azərbaycana gəlmiş Hindistandan Beynəlxalq Kukla Teatrları Festivalının bədii rəhbəri Ayşa Rau bildirib.
O deyib: “Bu konfransda yeni insanlarla, xüsusilə də həmkarlarımla görüşəcəyəm ki, bu da sıx əməkdaşlığımıza şərait yaradacaq. Çox istərdim ki, gələcəkdə Azərbaycan uşaq teatrları ilə əməkdaşlıq edək. Bakıda olduğum müddətdə bir neçə teatrda tamaşalara baxdım. Azərbaycan dilini başa düşməsəm də, hərəkətlərdən tamaşanın məzmununu anladım. Ümumilikdə, teatra bir əyləncə kimi yanaşıram. İnsanlar orada həm də dincəlir. Öz növbəsində böyüklərin də uşaq teatrına gəlib zövq almaları, dincəlmələri gözəl olardı. Axı sənin bütün həyatın boyu ciddi olmağın mümkün deyil. Ona görə də bir mütəxəssis kimi hər kəsi teatra baxmağı dəvət edirəm”.
Xəbərin mətnində orfoqrafik səhv var