CƏMİYYƏT


Aytən Sultanova: Buynuz qişanın Azərbaycana gətirilməsi istiqamətində nüfuzlu klinikalarla danışıqlar aparılır

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 21-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Milli Mətbuat Gününə həsr olunan “Gələcəyə sağlam baxış” adlı aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, KİV təmsilçilərinin iştirak etdikləri bu aksiyanı keçirməkdə məqsəd Azərbaycan mediasının səhiyyə sahəsindəki fəaliyyətinə, xüsusilə oftalmologiyaya diqqət çəkməkdir. Aksiya çərçivəsində media təmsilçiləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xidmətlərindən yararlanıblar.

“22 iyul tarixi bizim üçün çox dəyərli və qiymətlidir”, - deyən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Aytən Sultanova Milli Mətbuat Günü münasibətilə mərkəzin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Elmar Qasımovun adından media işçilərini təbrik edərək bildirib: “Azərbaycan səhiyyəsinin nümayəndəsi, oftalmoloji baza olaraq bizim mətbuat işçiləri ilə əlaqələrimiz çox sıxdır. Mərkəzin əməkdaşları mütəmadi olaraq xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə iştirak edir, oftalmologiya sahəsindəki yeni biliklərə yiyələnərək, bunun ölkəmizdə tətbiqində yaxından iştirak edirlər. Mərkəzimizdə və ümumiyyətlə oftalmologiya sahəsinə aid bütün yeniliklərin ictimaiyyətə çatdırılmasında isə KİV nümayəndələrinin çox böyük əməyi var. Bundan əlavə, bir çoxlarının uzun zamandır gözlədiyi buynuz qişa transplantasiyasının ölkəmizdə icrası istiqamətində görülən bütün işlərin geniş işıqlandırılmasında və təbliğində mətbuatın rolu əvəzsizdir. Əməliyyatın icra ilə bağlı deyə bilərəm ki, buynuz qişanın ölkəmizə gətirilməsi istiqamətində hazırlıqlar başa çatmaq üzrədir. Çox güman ki, sentyabrın ilk yarısından sonra ölkəmizdə buynuz qişanın transplantasiyası əməliyyatına başlanılacaq. Hazırda dörd minə yaxın insan buynuz qişa transplantasiyasının tətbiqinə başlanılmasını gözləyir. Bunların arasında anadangəlmə görmə pozuntusı olan körpələr var ki, onlara təcili buynuz qişa transplantasiyası edilməlidir. İlk olaraq gənclərin və uşaqların üzərində icra olunacaq bu əməliyyatın gələcəkdə yaşlı nəslin nümayəndələrinin üzərində də tətbiqi nəzərdə tutulur. Hazırda ABŞ-ın və İranın qabaqcıl klinikaları ilə buynuz qişanın Azərbaycana gətirilməsi istiqamətində danışıqlar aparılır, müqavilələr imzalanır”.

“Sağlamlığın Qorunması” İctimai Birliyinin rəhbəri, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva çıxış edərək jurnalistlərə təbriklərini çatdırıb. “Mətbuat cəmiyyətin güzgüsüdür”, - deyən Y.Abdiyeva KİV nümayəndələrinin cəmiyyətdə baş verən bütün hadisələrlə bağlı insanları məlumatlandırdığını və bununla yanaşı, bir sıra problemlərin həllində yaxından iştirak etdiklərini vurğulayıb. O bildirib ki, hər bir cəmiyyətin inkişafı onun səhiyyəsindən və təhsilindən asılıdır. Ölkəmizdə hər iki sahə daim medianın diqqət mərkəzindədir. O, tədbirin məqsədinin KİV-lərlə daha sıx əməkdaşlıq etmək və işbirliyinin perspektivlərini müəyyənləşdirmək olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.