SİYASƏT
Ayxan Hacızadə: Ermənistan tərəfi qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalıdır
Bakı, 30 mart, AZƏRTAC
Ermənistan tərəfi üçtərəfli Bəyanata uyğun olaraq qüvvələrini tamamilə Azərbaycan ərazisindən çıxarmalıdır. Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Beynəlxalq təşkilatları Azərbaycana dəvət etmək və ölkəmizin daxili işlərinə qarışmaq əvəzinə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə martın 30-da Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualına cavabında deyib.
A.Hacızadə vurğulayıb ki, həmçinin yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi barədə məlumatların Ermənistan tərəfindən gərginliklə qarşılanması və baş nazirin bu məlumatı çıxışı zamanı şərh etməsi anlaşılan deyil. Ermənistan baş nazirinin, həmçinin Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunu danması onun birbaşa tabeliyində olan Ermənistanın digər rəsmi şəxslərinin və Müdafiə Nazirliyinin silahlı qüvvələrin hələ də çıxarılmadığı barədə bəyanatları ilə uzlaşmadığı yaxşı məlumdur. Ermənistan tərəfinin bütün faktlara baxmayaraq, 30 il müddətində qüvvələrinin Azərbaycanı işğal etmədiyini də iddia etdiyini yaxşı xatırlayırıq. Ermənistanın bütün bu iddialarının heç bir əsasının olmadığı dəfələrlə sübut edilib və BMT Təhlükəsizlik Şurasının qətnamələri də Ermənistan qüvvələrinin qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edib.