İQTİSADİYYAT
“AzFinance İnvestisiya Şirkəti”nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirilib
Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də Bakı Fond Birjasında (BFB) “AzFinance İnvestisiya Şirkəti” QSC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədilə “Açılış Zəngi” mərasimi keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, 1 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini “AzFinance İnvestisiya Şirkəti” QSC həyata keçirib. Emitent və anderrayter olaraq “AzFinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyev, BFB-nin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev “Açılış Zəngi” mərasimini açıq elan edərək, “AzFinance İnvestisiya Şirkəti” QSC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını deyib.