CƏMİYYƏT
“Azİz” Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin qeyri-obyektiv şəkildə işıqlandırılmasından narahatlığını ifadə edib
Bakı, 15 oktyabr, AZƏRTAC
İsraildə fəaliyyət göstərən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ölkə hökumətinin və parlamentinin üzvlərinə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Assosiasiyanın İsrailin prezidenti Reuven Rivlinə, Baş Naziri Benyamin Netanyahuya, Knessetin (parlament) spikeri Yariv Levinə, Xarici İşlər naziri Qabi Aşkenaziyə, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Yevgeni Sovaya ünvanladığı məktubda dünya KİV-lərində Azərbaycan ərazisində Ermənistanla baş verən hərbi toqquşmanın obyektivlikdən uzaq şəkildə, faktlara məhəl qoyulmadan işıqlandırılmasından narahatlıq bildirilib. Bildirilib ki, bu zaman müəlliflər Azərbaycanın müharibə zonasından uzaqda olan şəhərlərinin raket hücumuna məruz qalması, dinc əhali arasında tələfatın olması və erməni ordusunun digər hərbi cinayətləri kimi faktlar barədə susurlar. Burada məqsəd dünyanı aldatmaq, fikri münaqişədə həqiqətin kimin tərəfində olmasından, həmçinin kimin təcavüzkar, kimin isə təcavüzün qurbanı olmasından yayındırmaqdır.
Azərbaycanla müqavilə öhdəliklərindən imtina etmək və bu ölkəyə silah-sursat verilməsinə son qoymaq üçün Ermənistanın və İsraildə fəaliyyət göstərən erməni lobbisinin rəsmi Təl-Əvivə təzyiqləri artırdığına diqqəti cəlb edən “Azİz” bunun yolverilməz olduğunu bəyan edərək yazıb: “Bu gün tolerantlığın və multikulturalizmin çoxəsrlik ənənələrini yaşadan Azərbaycan xalqı göstərilən köməyə görə açıq şəkildə İsrailə minnətdarlığını bildirir. Azərbaycanla mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması İsrailin strateji maraqları daxilindədir və biz heç kimə bu münasibətləri pozmağa imkan verməməliyik”.