CƏMİYYƏT
“Azİz”: Şimon Peresin xatirəsi əbədi yaşayacaq
Bakı, 28 sentyabr, AZƏRTAC
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından (“Azİz”) AZƏRTAC-a daxil olmuş materialda deyilir ki, “Azİz” Assosiasiyasının idarə heyəti İsrail dövlətinin sabiq prezidenti, Nobel Sülh Mükafatı laureatı, Azərbaycanın böyük dostu Şimon Peresin vəfatı haqqında xəbərə görə dərindən kədərləndiyini bildirir. İsrail isteblişmentinin patriarxı və ən parlaq nümayəndəsi olan Şimon Peres ölkənin siyasi elitasının uğurlu nümayəndəsi olmaqla bərabər, həm də yəhudi xalqının çin olmuş arzusunun rəmzi idi. O, adi fermerlikdən İsrail Dövlətinin Prezidentinə və Nobel Sülh Mükafatı Laureatına qədər böyük yol keçib. Şimon Peres son dərəcə ziyalı, əsl erudit, dünya ədəbiyyatının bilicisi, meloman, incəsənət sərrafı idi. O, ədəbiyyata da xeyli vaxt sərf edir, rus şairlərinin, o cümlədən Vladimir Nabokovun əsərlərini ivrit dilinə tərcümə edib.
Taleyin qismətindən, Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlər tarixində ölkəmizə ilk dövlət səfərini həyata keçirən məhz Şimon Peres olub. Bu da səciyyəvi haldır ki, həmin səfərdən sonra iki ölkə arasında diplomatik münasibətlərdə böyük irəliləyiş yaranıb, birgə layihələr qarşılıqlı konstruktiv xarakter kəsb edib.
Şimon Peres Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında yüksək fikirdə idi. O, Heydər Əliyevin Azərbaycanın qapılarını yeni, dəyişən dünyanın üzünə açmaq yolu ilə öz xalqı və ölkəsi üçün iqtisadi artıma şərait yaratmaq, onlar üçün daha yaxşı gələcək təmin etmək əzminə valeh olduğunu bildirirdi.
Şimon Peres öz xatirələrində Prezident İlham Əliyevin Azərbaycanda yəhudi icmasına tolerant, səmimi münasibətini də yüksək qiymətləndirir. Onun fikrincə, məhz bu cür münasibət sayəsində Azərbaycan ilə İsrail arasında qarşılıqlı faydalı əməkdaşlıq inkişaf edib, Azərbaycandan immiqrasiya etmiş yəhudilər isə iki ölkə arasında mədəni körpüyə çevrilib.
İsraildəki Azərbaycan icması yəhudi xalqının ən şanlı övladlarından birinin - xalqlar arasında sülh və dostluq siyasətinə son dərəcə qiymətli töhfələr vermiş Şimon Peresin vəfatı ilə əlaqədar dərindən kədərlənir. Onun xatirəsi əbədi yaşayacaq.