ELM VƏ TƏHSİL
AzMİU Britaniya Memarlarının Kral İnstitutunun 5 illik akkreditasiyasını alıb
Bakı, 19 dekabr, AZƏRTAC
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alması münasibətilə rəsmi qəbul keçirib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp, “British Council” şirkətinin Azərbaycan üzrə direktoru Samr Şah, Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin nümayəndələri, universitetin rektorluğu və professor-müəllim heyətinin bir qrupu, media təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ceyms Şarp AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova başda olmaqla bütün kollektivi Memarlıq fakültəsinin Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alması münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Səfir vurğulayıb ki, AzMİU-nun Memarlıq fakültəsinin memarlıq sahəsində bütün dünyada tanınan, nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alması böyük hadisədir. Bu uğurun qazanılmasında o, Britaniya səfirliyinin beynəlxalq təşkilatı olan “British Council” şirkəti ilə universitet arasında əməkdaşlığın yüksək səviyyədə qurulduğunu əsas gətirib.
Rektor Gülçöhrə Məmmədova verilən dəyərə, göstərilən dəstəyə görə Britaniya səfirliyinə, “British Council” şirkətinə təşəkkürünü bildirib. Rektor əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsini arzulayıb.
Çıxış edən digər qonaqlar da AzMİU-nun kollektivini təbrik edib, Böyük Britaniya səfirliyinin Azərbaycanda təhsilə, ali təhsil müəssisələri ilə əməkdaşlığa üstünlük verdiyini və bunun nəticələrinin çox uğurlu olduğunu qeyd ediblər.