ELM VƏ TƏHSİL
AzMİU Koşitse Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir
Bakı, 11 mart, AZƏRTAC
Slovakiyanın Koşitse Texniki Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar əvvəlcə nəqliyyat fakültəsinin rəhbərliyi ilə görüşüb, ikitərəfli əlaqələr və gələcək planlar ətrafında fikir mübadiləsi aparıblar. Sonra qonaqlar AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüblər. Görüşdə universitetin prorektorları və dekanları ilə yanaşı, Slovakiyanın “Prospol LTD” şirkətinin nümayəndələri də iştirak ediblər.
Gülçöhrə Məmmədova universitetlər arasında əlaqələrin genişləndirilməsi üçün vacib addımlar atmağa hazır olduğunu bildirib. Qeyd olunub ki, AzMİU-nun nəqliyyat fakültəsi ilə Koşitse Texniki Universiteti arasında bağlanmış memoranduma əsasən, hər iki ali məktəbin müəllimləri fəal şəkildə əməkdaşlıq edirlər. Bu əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan rektor görüşün ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, faydalı nəticələri olacağına əminliyini bildirib. Rektor, həmçinin AzMİU-nun beynəlxalq əlaqələri, Avropa universitetləri ilə əməkdaşlıq, Avropa İttifaqının maliyyələşdirdiyi beynəlxalq layihələrdə iştirak, ikili diplom layihələri və s. barədə qonaqlara ətraflı məlumat verib.
Koşitse Texniki Universitetinin inşaat fakültəsinin dekanı Piter Mesaros universitetlərarası əməkdaşlığın yeni perspektivlərinin ortaya çıxarılması istiqamətində təkliflər səsləndirib. O bildirib ki, AzMİU-nun nəqliyyat fakültəsi ilə bağlanmış memorandum çərçivəsində əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün faydalı ola bilər. O, Koşitse Texniki Universitetində memarlıq və inşaat fakültələrinin olduğunu, gələcək əməkdaşlıq üçün bu detalların nəzərə alınmasını təklif edib. Eyni zamanda, müəllim-tələbə mübadiləsini genişləndirməyi, elmi istiqamətdə birgə konfransların, seminarların keçirilməsini məqsədəuyğun hesab edib.