ELM VƏ TƏHSİL


AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib

Bakı, 23 aprel, AZƏRTAC 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ölkəmizin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri və Türkiyənin nüfuzlu İstanbul Texniki Universitetinin (İTU) nümayəndə heyətinin iştirakı ilə dəyirmi masa keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada İTU-nun rektoru, professor Mehmet Karacanın “İstanbul Texniki Universiteti nümunəsində XXI əsrdə universitetlərin dünəni, bu günü və sabahı” mövzusunda məruzəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərlərinin və türkiyəli qonaqların iştirak etdikləri görüşün əhəmiyyətini vurğulayıb, həmkarlarını İTU-nun təcrübəsini öyrənməyə dəvət edib.

Sonra məruzə ilə çıxış edən Mehmet Karaca müasir dünyanın tələblərinə uyğun olaraq hazırda təhsilin forma və məzmununun dəyişdiyini, yeni biznes strukturlarının yaradılması ideyasının ortaya çıxdığını, təhsilalanların biznes ideyalarının gerçəkləşməsi üçün startap layihələrinin əhəmiyyətini vurğulayıb. Rektor İTU-da yaradılan texnoparkın fəaliyyətindən də danışıb, universitet-sənaye işbirliyinin əməkdaşlığının faydalı nəticələrini qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı və digərləri ölkəmizdə startap hərəkatının geniş vüsət aldığını, gənclərin bu sahəyə marağının artdığını bildirib, ali təhsil ocaqlarında texnoparkların yaradılmasnda ortaya çıxan çətinliklərdən danışıblar.

Müzakirələrdə Mehmet Karaca texnopark ənənəsinin öyrənilməsində Azərbaycan universitetlərinə dəstək göstərməyə hazır olduğunu bildirib, rektorları və ali məktəb təmsilçilərini İTU Texnoparkının fəaliyyətini izləmək və təcrübəsini öyrənmək üçün Türkiyəyə dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.