ELM VƏ TƏHSİL
AzMİU-da “British Council” təşkilatının ingilis dili klubunun yaradılması planlaşdırılır
Bakı, 5 noyabr, AZƏRTAC
“British Council Azərbaycan”ın direktoru, Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin mədəniyyət müşaviri Summer Xia Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə “British Council Azərbaycan”ın nümayəndələri - təhsil və ingilisi dili üzrə şöbə müdiri Nərgiz Hüseynova, imtahan mərkəzinin müdir müavini Nərgiz Əkbərova da iştirak ediblər.
Qonaq “British Council” tərəfindən təşkil olunan “Creative Spark” layihəsini AzMİU-nun London South Bank Universiteti və Lester Universiteti ilə birgə qazanmasını böyük uğur kimi qiymətləndirib. O, AzMİU rəhbərliyini 2019-cu ilin mayında keçiriləcək “Going Global 2019” konfransına dəvət edib.
Görüş zamanı bir sıra aktual məsələlər müzakirə olunub, müəllim və tələbələr üçün ingilis dili təlimlərinin təşkil edilməsi, AzMİU-da “British Council” təşkilatının ingilis dili klubunun yaradılması, ingilis dili tədris edən müəllimlərin ingilis dili biliklərinin səviyyəsinin yoxlanılması planlaşdırılıb.