AzMİU-da “Yeni klub” təsis edilib
AzerTAg.az
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Yeni klub”un təsis toplantısı keçirilib. Tədbir iştirakçıları Azərbaycan Memarlıq və İnşaat Universitetində Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Universitetin əsas korpusunun birinci mərtəbəsində yaradılan “Qəhrəmanlar guşəsi” də ziyarət olunub. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Təsis toplantısında çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov və sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev ali təhsil müəssisəsində tələbələrin ictimai aktivliyini və şəxsi inkişafını dəstəkləyən klubun formalaşdırılmasının əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu gün Azərbaycanda gənclərin potensialının milli maraqlar naminə səmərəli idarə edilməsi və inkişafı üçün dövlət və ictimai-siyasi təşkilatlar tərəfindən uğurlu proqramlar həyata keçirilir.
AzMİU-nun nəzdində formalaşdırılan “Yeni klub”un rəhbəri Nesin Hüseynova, koordinatorlar Eldar Süleymanlı və Elyar Novruzov təqdimatla çıxış ediblər. Bildirilib ki, klub yarışlar, müsabiqələr, layihələr, təlimlər, xarici dillərdə tədbirlər təşkil edəcək.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxışında ali təhsil müəssisələrinin nəzdində “Yeni klub”ların formalaşdırılmasının əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, klublar tələbələrin şəxsi inkişafını dəstəkləməklə yanaşı, onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında da mühüm rol oynayacaq.





Xəbərin mətnində orfoqrafik səhv var