ELM VƏ TƏHSİL


AzMİU-da böyük şəhərlərin nəqliyyat infrastrukturuna dair müzakirələr aparılıb

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) memarlığın əsasları kafedrasının təşkilatçılığı ilə “Böyük şəhərlərin nəqliyyat infrastrukturunun formalaşma və inkişaf problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova böyük şəhərlərin nəqliyyat infrastrukturunun formalaşma və inkişaf problemlərinə həsr olunan konfransın müasir dövrdə aktuallığına diqqət çəkib.

Rektor yol infrastrukturunun bu gün dövlətin əsas prioritet məsələlərindən biri olduğunu, ölkəmizdə nəqliyyat infrastrukturunun sürətlə inkişaf etdiyini, dövlətin bu sahəyə xüsusi diqqət yetirdiyini qeyd edib.

G.Məmmədova, həmçinin dünyada böyük şəhərlərin nəqliyyat infrastrukturlarının yaxşılaşdırılması, müasirləşdirilməsi yolunda irimiqyaslı layihələrin reallaşması istiqamətində aparılan işlərdə memarların da üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Rektor söyləyib ki, Azərbaycan təhsilinin qarşısında duran vəzifələrdən biri universitetlərdə elm, innovasiya və təhsil mərkəzlərinin yaradılmasıdır. Onun sözlərinə görə, universitet adı altında mütləq elmi fəaliyyət və innovasiyalar dayanır. Yalnız 3 amilin bir yerdə olması, müasir tələblərə cavab verən, qarşısında duran vəzifələri həyata keçirməyə qadir olan böyük elmi təhsil müəssisəsini – universiteti formalaşdırır: “AzMİU yalnız ali təhsil mütəxəssisi hazırlamaqla kifayətlənməməli, bu sahənin elmi mərkəzinə çevrilməlidir. Bunu böyük elm–tədqiqat və layihə institutları, istehsalat müəssisələri ilə birgə həll etmək mümkündür”, - deyə rektor bildirib.

Son illərdə ölkədə nəhəng nəqliyyat layihələrinin həyata keçirildiyini söyləyən G.Məmmədova bu sahədə həllini gözləyən bəzi problemlərə də toxunub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev bildirib ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti artıq bir əsrə yaxındır ki, memarlıq və şəhərsalma sahəsində mütəxəssislərin yetişdirilməsində, zəngin elmi-tədqiqat bazasının formalaşdırılması və inkişafında aparıcı rol oynayır.

Aparat rəhbəri ölkəmizdə şəhərsalma fəaliyyətinin təşkilinin Prezident İlham Əliyevin xüsusi diqqətində olduğunu vurğulayıb.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin I katibi Fərhad Mollazadə respublikada son illər nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində görülən işlərdən, yeni layihələrdən söz açıb.

Konfransda, həmçinin AzMİU-nun memarlığın əsasları kafedrasının müdiri, professor Nizami Nağıyevin “Kompleks nəqliyyat sxemlərində sərnişin istiqamətləndirilməsinin modelləşdirilməsi”, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatovun “Böyük Bakının regional inkişafı şəraitində nəqliyyat sisteminin formalaşması” mövzusunda məruzələri dinlənilib.

Tədbirdə beynəlxalq müsabiqələrdə abidələrin bərpası, şəhərsalma, memarlıq və dizayn mövzularında yüksək nəticələr göstərmiş universitet tələbələrinə diplomlar təqdim olunub.

Daha sonra konfrans öz işini bölmələrdə davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.