AzMİU-da əcnəbi tələbənin Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgisi açılıb
AzerTAg.az
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsi Sarete Aydenizin rəsm işlərindən ibarət sərginin açılışında rektor Gülçöhrə Məmmədova, prorektorlar, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin təşkilatçılığı ilə gerçəkləşən sərginin açılışında Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Yazıçı çıxış edərək 1918-ci ilin martında və aprelində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyasına və amansızlığına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən dəhşətli cinayət olduğunu bildirib.
Sarete Aydeniz “Ürəyimin qanayan yarası, qan ağladan qardaş acısı” adlı sərgisində iştirak edənlərə təşəkkürünü bildirib. Rəsm əsərlərində faciənin dəhşətli və acı nəticələrinin təsvir olunduğunu, Xocalı hadisələrinin, eləcə də Azərbaycan Ordusunun Qələbəsinin də rəsmləri arasında yer aldığını söyləyib.
Daha sonra qonaqlar sərgiyə baxış keçiriblər. Türkiyəli tələbənin gözü ilə təsvir olunan rəsmlər içərisində Ümummilli Lider Heydər Əliyevin, şəhid Xudayar Yusifzadənin xatirəsinə ithaf olunmuş əsərlər yer alıb.








Xəbərin mətnində orfoqrafik səhv var