ELM VƏ TƏHSİL


AzMİU-da imtahan sessiyası: dekanlar və kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub

Bakı, 4 yanvar, AZƏRTAC 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi nəzərdə tutulub. Eyni zamanda, əmrdə imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyət nümayəndələrinin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu əmrin icrası ilə bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, sessiya başlamazdan öncə imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Universitetdə imtahanlar yazılı və test formasında aparılır, bəzi qabiliyyət tələb edən fənlərdən (memarlıq fakültəsində) isə qiymətləndirilmə keçirilir. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb. Universitetin tədris binalarında müraciət və təklif qutuları asılıb. Bununla yanaşı, universitetin rektoru imtahan prosesini müşahidə edir və tapşırıqlarını verir.

Həmişə olduğu kimi, bu il də universitetdə imtahanlar ictimaiyyətə açıq keçirilir. İmtahan sessiyası dövründə valideynlərin, deputatların, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə “açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.