ELM VƏ TƏHSİL


AzMİU-da iqtisadçı alimin yubileyinə həsr olunan elmi seminar keçirilib

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədovun 70 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Tədbiri açan universitetin rektoru professor Gülçöhrə Məmmədova bildirib ki, iqtisadçı alim Məhəbbət Məmmədov ömrünün 45 ilini elmə, təhsilə həsr edib, onun elmi-pedaqoji fəaliyyəti 230 elmi əsərdə, o cümlədən 5 monoqrafiyada, 8 dərslikdə, Almaniyada, Fransada, Macarıstanda, Çexiyada, Türkiyədə, İranda, Rusiyada və digər ölkələrdə çap edilmiş 45 elmi əsərdə öz əksini tapıb. Dəyərli alimin elmi-pedaqoji və istehsalatda səmərəli fəaliyyəti həmişə qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin, nazirlik və digər qurumların fəxri fərmanları ilə təltif olunub. Onun elmi rəhbərliyi ilə bu günə qədər 26 doktorant və dissertant dissertasiya işi müdafiə edib. Hazırda alimin rəhbərliyi ilə doktorluq proqramı çərçivəsində 4 nəfər doktorluq və 5 doktorant (o cümlədən 2 xarici ölkə vətəndaşı) dissertasiya işlərini yerinə yetirir.

Yubilyarın kadr hazırlığındakı xidmətlərindən danışan G.Məmmədova bildirib ki, məhz onun kafedraya rəhbərlik etdiyi dövrdə bir sıra mühüm layihələr həyata keçirilib. Bacarıqlı və işgüzar kafedra müdiri kimi onun təşəbbüsü və təşkilatçılığı sayəsində bir çox dövlət qurumları ilə AzMİU arasında əməkdaşlıq qurulub, elmlə istehsalatın əlaqələri möhkəmlənib.

Tədbirdə Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, Nazirlər Kabinetinin şöbə müdiri Elşən Hacızadə, Auditorlar Palatasının sədri Zahid Novruzov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və başqaları yubilyarı təbrik ediblər. Məhəbbət Məmmədovu savadlı, bacarıqlı, enerjili, zəhmətkeş, vətənpərvər, dövlətçilik ənənələrinə sadiq ziyalı kimi xarakterizə edən dostları yubilyarın gənc nəslə örnək olacaq ömür yolu keçdiyini vurğulayıblar.

Professor Məhəbbət Məmmədov əməyinə verilən yüksək dəyərə görə seminarda iştirak edən həmkarlarına minnətdarlığını bildirib. O, eyni zamanda, yubileyinə həsr edilmiş tədbirin təşkilatçılığına görə AzMİU rəhbərliyinə təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.