ELM VƏ TƏHSİL


AzMİU-da konfrans: Heydər Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafı

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Heydər Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafı” mövzusunda konfrans keçirilib. Konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib. Tədbir iştirakçıları Ulu Öndərin universitetin həyətindəki büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Universitetin rektoru professor Gülçöhrə Məmmədova tədbiri açaraq dahi şəxsiyyətin şərəfli ömür yolundan, fəaliyyətindən, cəmiyyətin həyatına nüfuz edən müdrik, praqmatik siyasətindən və Vətənimiz qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Rektor ümummilli lider Heydər Əliyevin bütün həyatını Azərbaycanın rifahına və davamlı inkişafına həsr etdiyini qeyd edib, hakimiyyətdə olduğu hər iki dövrdə Ulu Öndərin milli maraqlara əsaslanan uğurlu inkişaf strategiyası yaratdığını vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü professor Rüfət Quliyev “Ulu Öndər və Azərbaycanın iqtisadi-inkişaf strategiyası” adlı məruzəsində Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın sürətli inkişafının təmin olunduğunu, iqtisadiyyatda demokratiyanın bərqərar edildiyini, özəlləşdirməyə start verildiyini, xarici investorların ölkəmizə cəlb edilməsi istiqamətində ciddi əsaslar yaradıldığını, eləcə də Azərbaycan vətəndaşının rifahının əhəmiyyətli dərəcədə yüksəldiyini bildirib. O, Azərbaycanın iqtisadi modelinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, 44 günlük müharibədə əldə edilən Zəfərin əsasında məhz bu iqtisadi modelin dayandığını diqqətə çatdırıb.

Universitetin İqtisadi nəzəriyyə və marketinq kafedrasının dosenti Əliağa Əliyev də çıxışında Vətən müharibəsində Zəfərə gedən yolun əsasında dünyaşöhrətli siyasətçi, dahi Heydər Əliyevin ölməz ideyalarının dayandığını xüsusi qeyd edib. O, 1993-2003-cü illərdə Heydər Əliyevin Azərbaycanda quruculuq, abadlaşdırma və sosial-ekoloji problemlərin həlli istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin əhalinin sosial şəraitinin yüksəlməsində öz əksini tapdığını diqqətə çatdırıb.

İctimai fənlər kafedrasının müəllimi Emil Həsənov, magistratura tələbəsi Sənan Atayev də çıxışlarında Ümummilli Liderin milli dövlətçilik ənənələrinin qurulmasında, təhsilin inkişafında, gənclər siyasətində, aqrar sahədə, milli hərbi kadrların hazırlanmasında, eləcə də azərbaycançılıq ideologiyasının formalaşmasında misilsiz xidmətlərindən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.