ELM VƏ TƏHSİL


AzMİU-da şəhid tələbə və məzunların xatirəsi anılıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 44 günlük Vətən müharibəsində şəhid olmuş tələbə və məzunların xatirəsinə həsr edilən tədbir keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması yolunda canlarından keçən tələbə və məzunların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Bayram Aslanov 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun, qəhrəman oğullarımızın canı-qanı bahasına azad etdiyini deyib və bu Qələbə sevincini xalqımıza yaşadan igidlərimizə minnətdarlığını bildirib. O, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ölməzlik qazandıqlarını, bütün ömrümüz boyu onlara borclu olduğumuzu, həmin oğulların həyat yolunun, rəşadətinin hər birimizə örnək olduğunu vurğulayıb.

B.Aslanov Vətən müharibəsində AzMİU-nun da tələbə və məzunlarının iştirak etdiyini, onlardan 24-nün şəhidlik zirvəsinə ucaldığını tələbələrin diqqətinə çatdırıb.

Tədbirdə şəhid tələbə və məzunların hər biri haqqında tanıtım xarakterli fotoməlumat təqdim edilib. Həmçinin İnşaat-texnologiya fakültəsinin məzunu şəhid Elsevər Əhədzadənin döyüş yolu haqqında videoçarx nümayiş edilib.

Tədbir iştirakçıları daha sonra “Yarımçıq xatirələr” filminə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.