ELM VƏ TƏHSİL


AzMİU ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC arasında anlaşma memorandumu imzalanıb

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktoru Taleh Ziyadovla görüşüb. Görüş zamanı AzMİU ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi universitetdə logistika və daşımalar, nəqliyyat, tikinti, limanların idarə olunması və digər sahələr üzrə kadr hazırlığı prosesinə dəstək vermək, tələbələrin təlim proqramlarına və istehsalat təcrübəsinə cəlb olunmasını təmin etməkdir.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. İmzalanma mərasimində çıxış edən T.Ziyadov limanın fəaliyyət istiqamətləri, qarşıdakı hədəflər və gələcək planlar barədə danışıb. Vurğulayıb ki, Bakı limanı Azərbaycanı mühüm nəqliyyat və logistika mərkəzinə çevirməyi hədəfləyib. Liman ölkə və regionun iqtisadiyyatında xüsusi rol oynayacaq. Baş direktor bu cür irimiqyaslı proseslərdə Azərbaycan gənclərinin potensialından səmərəli istifadəni təmin edən əməkdaşlıqların əhəmiyyətinə də toxunub. Bildirib ki, AzMİU, eləcə də digər universitetlərlə əməkdaşlıq praktiki iş təcrübəsi və müasir bazarın çağırışlarına uyğun kadr potensialının yaradılmasına böyük dəstəkdir.

Rektor G.Məmmədova ali təhsil müəssisəsi ilə biznesin əməkdaşlığının akademik təhsil müddəti zamanı peşəkar gənc kadrların yetişməsinə, tələbələrin iş həyatına hazırlanmasına, regional nəqliyyat mərkəzi olan Azərbaycanın yaxın gələcəkdə bu sahə üzrə kadr potensialının möhkəmlənməsinə böyük kömək olacağını qeyd edib. G.Məmmədova logistika sahəsinin ölkə iqtisadiyyatı üçün mühüm sahələrdən biri olduğunu vurğulayıb, bu razılaşmanın karyerasını logistika sahəsində qurmaq istəyən gənclər üçün böyük imkanlar yaradacağına, birgə proqramın uğurlu olacağına əminliyini ifadə edib. Rektor, həmçinin Bakı limanı ilə əməkdaşlığın yalnız logistika istiqaməti üzrə deyil, universitetdə hazırlanan müxtəlif ixtisaslar üzrə inkişaf etdirilməsini arzulayıb.

Anlaşma memorandumuna əsasən, universitetdə təhsil alan tələbələr öz ixtisaslarına uyğun peşəkar hazırlıq kurslarına cəlb olunacaq və akademik təhsildə qazandıqları təcrübəni real iş mühitində tətbiq edəcəklər. Həmçinin həyata keçiriləcək birgə təlim proqramları gələcəkdə universitetin məzunlarının Bakı limanında və Azərbaycanda sürətlə genişlənən logistika sahəsində işlə təmin olunması üçün önəmli imkanlar yaradacaqdır.

İmzalanma mərasimindən sonra nümayəndə heyəti təhlükəsizlik qaydalarına uyğun olaraq Bakı limanının ərazisini gəziblər, terminalların iş prinsipi ilə tanış olublar. Qonaqlara limanın texniki imkanları və operativ yükaşırmanın təmin edilməsi üçün tətbiq edilən texnologiyalar və innovativ həllərlə bağlı məlumat verilib, onların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.