ELM VƏ TƏHSİL


AzMİU ilə “Norm” ASC arasında əməkdaşlıq müqaviləsi bağlanıb

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova bu gün “Norm” ASC-nin baş icraçı direktoru Henninq Sassenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə şirkətlə universitet arasında bağlanan əməkdaşlıq memorandumu, kadr hazırlığı, gələcək layihələr, qarşıda duran planlardan danışılıb. AzMİU-nun rektoru rəhbərlik etdiyi təhsil müəssisəsi, fakültə və ixtisaslar, beynəlxalq əlaqələr, ölkə daxilində əməkdaşlıq etdikləri tərəfdaş şirkətlər barədə qonaqlara məlumat verib, tədris prosesində şirkətlərlə əməkdaşlığın təhsilin inkişafına töhfələr verdiyini diqqətə çatdırıb. Universitetlə şirkət arasında əlaqələri daha da inkişaf etdirmək üçün bu görüşün əhəmiyyətini xüsusi vurğulayan rektor əməkdaşlığın başqa istiqamətlərdə də irəliləməsi üçün təkliflər səsləndirib.

Şirkətin baş direktoru AzMİU ilə ikitərəfli əlaqələrin möhkəmlənməsi və yeni mərhələyə daxil olması üçün universitetlə əməkdaşlıq memorandumunun imzalanmasını ilkin addım kimi yüksək dəyərləndirib. O qeyd edib ki, əməkdaşlığın məqsədi təhsilə və elmi-texniki inkişafa dəstək, kadr hazırlığı prosesinə yardımçı olmaq, bu prosesdə yaxından iştirak etmək, nəticədə şirkətin peşəkar mütəxəssislərə olan ehtiyacını ödəmək, bu sahədə ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə verməkdir. Eyni zamanda, şirkət rəsmisi memorandum çərçivəsində tələbələrin istehsalat təcrübəsinin təşkili məsələsinə toxunub. Bildirib ki, elm və istehsalat əlaqələrinin sıx qurulması, qarşılıqlı inkişafı kadr hazırlığı prosesində vacib elementdir, bu baxımdan AzMİU tələbələrinin şirkətdə təcrübə keçməsi öz faydasını verəcək. Baş direktor memorandumun detalları, gələcək planlar barədə də universitet rəhbərliyi ilə fikir mübadiləsi aparıb.

“Norm Sement” zavodunun fəaliyyəti barədə videoçarx nümayiş olunub, şirkətin nümayəndəsi təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb. Ümumi müzakirələrdən sonra universitetlə şirkət arasında müqavilə bağlanıb. İşgüzar şəraitdə keçən görüşdən sonra qonaqlar universitetin laboratoriya və mərkəzləri ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.