ELM VƏ TƏHSİL
AzMİU-nun əməkdaşları “Web of Science” bazasından istifadə qaydaları barədə məlumatlandırılıb
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elmi-tədqiqat şöbəsinin “Clarivate Analytics” şirkətinin “Web of Science” bazasına inteqrasiyanın inkişaf etdirilməsinə həsr olunmuş növbəti seminarı keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarın əsas məqsədi su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin professor-müəllim heyəti üçün “Web of Science” bazasına daxil olan jurnallarda məqalə dərcinə yardım göstərmək, elmi-tədqiqat şöbəsinin nəzdində yaradılmış işçi qrupun tərkibi və gördüyü işlər barədə məlumat vermək olub.
Şöbənin müdiri Nərmin Rzayeva seminarda bildirib ki, universitetin əməkdaşları tərəfindən hazırlanan məqalələrin indekslənən jurnallara adaptasiya olunması və göndərilməsi zamanı yaranan hər bir məsələni işçi qrup həll etməyə hazırdır. Şöbə müdiri bazadan istifadə qaydalarını, jurnalların tapılması və onların impakt faktorlarının yoxlanılmasını, ixtisas jurnallarının seçilməsini, “Web of Science” bazasının imkanlarını rəsmi saytda onlayn rejimdə nümayiş etdirib.
Sonra fakültə üzrə işçi qrupun nümayəndələri Samirə Əkbərova və Ramil Sadıqovun çıxışları dinlənilib. Onlar beynəlxalq jurnallarda məqalələrə qoyulan tələblər, müəlliflərin tərtibatda etdikləri səhvlər, “yırtıcı” jurnalların tanınma üsulları və digər vacib məsələlərə toxunublar.
Seminarda nüfuzlu jurnallarda məqalə dərc etdirməkdə maraqlı olan müəlliflərin bu yolda qarşılarına çıxan maneələrlə bağlı sualları cavablandırılıb.