ELM VƏ TƏHSİL


AzMİU və İstanbul Texniki Universiteti əməkdaşlığa başlayır

Bakı, 22 aprel, AZƏRTAC

Türkiyənin nüfuzlu İstanbul Texniki Universitetinin (İTU) rektoru, professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüblər.

Türkiyəli alimlər sonra AzMİU-nun elmi şurasının növbədənkənar iclasına qatılıblar.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, rektor Gülçöhrə Məmmədova görüşü rəhbərlik etdiyi universitetin həyatında tarixi gün kimi dəyərləndirib. İTU ilə ikitərəfli əlaqələrin hələ 2002-ci ildən qurulduğunu xatırladan rektor bu illər ərzində birgə görüşlərin, müzakirələrin, ikili diplom müqavilələrinin imzalanması istiqamətində ilkin razılaşmaların əldə olunduğunu bildirib. O, 2008-ci ildə AzMİU ilə İTU arasında ikili diplom proqramı üzrə müqavilə imzalandığını, lakin Türkiyə Respublikasının Ali Təhsil Şurası tərəfindən razılığın əldə olunmadığını bildirib. Ötən ilin sentyabrında inşaat mühəndisliyi ixtisası üzrə ikili diplom müqaviləsinin artıq reallaşdığını deyən Gülçöhrə Məmmədova görüşdə memarlıq ixtisası üzrə niyyət protokolunun imzalanacağını şura üzvlərinin diqqətinə çatdırıb.

Mehmet Karaca görüş üçün AzMİU-nun rəhbərliyinə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi universitet barədə geniş məlumat verən rektor İTU-nun beynəlxalq əlaqələrindən, beynəlxalq reytinq cədvəllərində tutduğu yerlərdən danışıb. O, AzMİU ilə əlaqələrin genişlənməsinə böyük dəyər verildiyini deyib, bu görüşü həmin istiqamətdə gedən müzakirələrin davamı kimi qiymətləndirib.

Sonra AzMİU ilə İTU arasında niyyət protokolu imzalanıb. Memarlıq ixtisası üzrə ikili diplom müqavilələrinin reallaşmasını nəzərdə tutan niyyət protokoluna əsasən müvafiq addımların atılacağını deyən rektor Gülçöhrə Məmmədova bu anlaşmanın hər iki tərəf üçün uğurlu olmasını, universitetlər arasında əməkdaşlığın daha da genişlənməsini arzulayıb.

Tədbirdə Mehmet Karacaya AzMİU-nun fəxri doktoru diplomu təqdim edilib.

Qeyd edək ki, AzMİU-nun fəxri doktorları arasında yer alan Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl də İTU-nun məzunudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.