ELM VƏ TƏHSİL
“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin infrastrukturu genişlənir
Bakı, 6 dekabr, AZƏRTAC
Cari ildə İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsinə qoşulmuş bütün institut və təşkilatlarda internetə çıxış sürəti 1 Gbit/san edilib. “EapConnect” layihəsi çərçivəsində 8 intellektual kommutator quraşdırılıb. İnformasiya Texnologiyaları İnstitutu, Geologiya və Geofizika İnstitutu və AMEA-nın əsas binasında 4 Wi-Fi, “Access Point” quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə elmi seminarda “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev məlumat verib. B.Nəbiyev bu il elmi-innovasiya fəaliyyəti çərçivəsində “AzScienceNet” şəbəkəsinin infrastrukturunun genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən söz açıb. AMEA-nın institut və təşkilatlarının yeni kompüterlərinin qoşulması, şəbəkə infrastrukturunun intellektual kommutatorlar əsasında yenidən qurulması, Akademiyanın qurumlarında Wi-Fi şəbəkəsinin və “Eduroam” xidmətinin yaradılması və bu sistemin “Edugain” sisteminə inteqrasiyası, eləcə də təhlükəsizlik və monitorinq sisteminin, DATA Mərkəzin modernləşdirilməsi və texniki imkanlarının artırılması ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
O, cari ildə Fizika İnstitutunun şəbəkə infrastrukturunun genişləndirilməsi və CERN ilə informasiya mübadiləsi imkanlarının artırılması, “AzScienceNet”in informasiya təhlükəsizlik sistemlərinin fəaliyyətinin təmin olunması ilə bağlı görülmüş işlərdən danışıb. Bildirib ki, “AzScienceNet” internet xidmətlərinin təşkili işləri çərçivəsində bu şəbəkənın üzərindən AMEA-nın Naxçıvan və Gəncə bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin istismarı həyata keçirilib, bu qurumun institut və təşkilatlarının “Cloud Storage” və “Cloud Computing” xidmətlərindən istifadəsi təmin edilib.
B.Nəbiyev respublika ali təhsil müəssisələrinin “AzScienceNet” şəbəkəsinin xidmətlərindən istifadəsi istiqamətində tədbirlərin həyata keçirildiyini, “AzEduNet” şəbəkəsinə ötürülən internet trafikinin sürətinin 1 Cbit/saniyədən 2 Gbit/saniyəyə çatdırıldığını deyib.