ELM VƏ TƏHSİL
“AzScienceNet” şəbəkəsində yeni texnologiyalar tətbiq olunub
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda internetin tənzimlənməsi və superkompüter texnologiyalarının çoxaspektli problemləri üzrə tədqiqatlar aparılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bununla bağlı “Mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi”, “Əşyaların interneti: mövcud vəziyyəti, inkişaf perspektivləri, problemlər və həlli yolları”, “Verilənlərin emal mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması” mövzuları işlənib. Həmçinin “AzScienceNet” şəbəkəsində yeni texnologiyalar tətbiq olunub, Data Mərkəzin texniki imkanları artırılıb. “AzEduNet.az” təhsil şəbəkəsi “AzScienceNet” şəbəkəsinə qoşulub. Əməkdaşlıq çərçivəsində ölkənin ali məktəblərinin “AzScienceNet” şəbəkəsinə qoşulması təmin olunub. Bu, həmin ali məktəblərin tələbələrinin, alim və mütəxəssislərinin, doktorant və dissertantlarının “AzScienceNet” və Data Mərkəzin xidmətləri ilə yanaşı, həm də GEANT beynəlxalq şəbəkəsinin xidmətlərindən istifadəsinə geniş imkan yaradıb.