ELM VƏ TƏHSİL


“AzScienceNet” şəbəkəsinin maddi-texniki bazası gücləndirilir

Bakı, 9 sentyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclasında “AzScienceNet” şəbəkəsinin Verilənlərin Emalı Mərkəzinin (VEM) yeni binaya köçürülməsi məsələsi müzakirə olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə institutun texnologiyalar üzrə direktor müavini Rəşid Ələkbərov “AzScienceNet”in infrastrukturunun genişləndirilməsi, VEM-in texniki imkanlarının artırılması və təhlükəsizliyinin təmini ilə bağlı görüləcək işlər barədə məlumat verib. O, VEM-in yeni korpusa köçürülməsinə dair tədbirlər planının hazırlandığını diqqətə çatdırıb.

Sonra institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Babək Nəbiyev “AzScienceNet”in köçürülməsi işlərinin davam etdirilməsinə baxmayaraq, şəbəkənin fasiləsiz iş rejiminin təmin olunduğunu nəzərə çatdırıb. Bildirib ki, tədbirlər planında qeyd olunan bütün vəzifələr ardıcıllıqla yerinə yetirilir.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev “AzScienceNet”in maddi-texniki bazası və kadr potensialının gücləndirilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu söyləyib. Azərbaycan elmi-tədqiqat və təhsil mühitinin Avropa elmi-tədqiqat və təhsil fəzasına inteqrasiyasında mühüm rol oynayan “AzScienceNet” şəbəkəsinin müasir tələblərə cavab verməsi üçün yeni binanın zəruri avadanlıqla təchiz olunmasının önəmini vurğulayıb. Qeyd edib ki, burada yerli və xarici qonaqlarla işgüzar görüşlərin keçirilməsi üçün lazımi şərait yaradılmalı, şəbəkənin köçürülməsi ilə bağlı bütün məsələlərə diqqət yetirilməlidir.

Alim, həmçinin institutun bütün şöbələrində olduğu kimi, VEM-in yeni binasında da Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət etməyin və şəbəkənin Əsasnaməsində yer alan müddəaların nəzərə alınmasının son dərəcə vacib olduğunu bildirib.

Akademik R.Əliquliyev AMEA-nın elmi müəssisə və təşkilatlarına zəruri internet xidmətləri göstərən, eləcə də ölkəmizin elm və təhsil qurumlarının Avropanın Elm və Təhsil Şəbəkəsinə inteqrasiyasını təmin edən “AzScienceNet”in yeni binaya köçürülməsi işlərinin institutun rəhbərliyi tərəfindən nəzarətə götürüldüyünü diqqətə çatdırıb.

Sonda məsələ ilə bağlı müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.