ELM VƏ TƏHSİL
“AzScienceNet” və “AzEduNet” şəbəkələri arasında əməkdaşlıq əlaqələri genişlənir
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycanda elm və təhsil sahələrinin inteqrasiyasında “AzScienceNet” elm kompüter şəbəkəsi böyük imkanlara malikdir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyi arasında bu istiqamətdə işgüzar əməkdaşlıq əlaqələri qurulub. AMEA-nın elmi-tədqiqat müəssisələri ilə yanaşı, ölkəmizin təhsil müəssisələri də institutun “AzScienceNet” şəbəkəsi və “Data Mərkəz”in xidmətlərindən yararlana bilər.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, bu barədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə Azərbaycan Təhsil Şəbəkəsinin (AzEduNet) birgə keçirdiyi müşavirədə açıqlama verilib.
İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “AzScienceNet”in beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində görülən işlərdən söz açaraq qeyd edib ki, bu məqsədlə institut Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən GEANT şəbəkəsinə qoşulub. “AzScienceNet” ölkəmizi GEANT Assosiasiyasında, həmçinin onun layihələrində təmsil edərək 40-dan çox ölkə ilə əməkdaşlıq əlaqələri qurub.
R.Ələkbərovun sözlərinə görə, “AzScienceNet” və “AzEduNet” şəbəkələri arasında inteqrasiyanın təmin olunması nəticəsində ali məktəblər və digər təhsil qurumlarının alim və mütəxəssisləri, doktorant və dissertanlarının GEANT şəbəkəsi tərəfindən təqdim olunan çoxsaylı xidmətlərindən istifadəsinə geniş imkanlar yaradılıb.
Artıq ölkəmizin 13 ali məktəbinin “AzScienceNet” şəbəkəsinə qoşulduğunu deyən direktor müavini digər ali məktəblərdə bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayıb. Alim qeyd olunan işlər çərçivəsində ölkəmizin ali təhsil müəssisələrinə fiber-optik əlaqə kanallarının çəkilməsi, virtual hesablama resurslarının verilməsi, “Cloud Computing” və digər xidmətlərdən istifadə, GEANT şəbəkəsi daxilində yüksəksürətli internetə çıxışın təmin olunması məqsədilə IP-giriş imkanlarının verilməsi istiqamətində tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Sonra çıxış edən “AzEduNet”in icraçı direktoru Renat Vitkalov müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsil sisteminin informasiyalaşdırılması və İKT infrastrukturunun inkişafı sahəsində ölkəmizdə əhəmiyyətli tədbirlərin həyata keçirildiyini bildirib. O, həmçinin GEANT ilə əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən danışaraq bildirib ki, “AzScienceNet” şəbəkəsi vasitəsilə GEANT-a qoşulma Azərbaycan təhsil müəssisələrində aparılan elmi tədqiqatların səmərəliliyinin artırılmasında böyük rola malikdir.