ELM VƏ TƏHSİL
AzTU Almaniya universitetləri ilə əməkdaşlıq edəcək
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov Almaniyada işgüzar səfərdə olub. Səfər AzTU ilə Almaniyanın Rostok Universiteti arasında ikitərəfli müqavilə və metallurgiya və metalşünaslıq kafedrası tərəfindən yerinə yetirilən elmi layihə çərçivəsində reallaşıb.
AzTU-nun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, Sübhan Namazov Rostok Universitetinin Fraunhofer İnstitutunun rəhbəri, professor Vilko Flüqqe ilə görüşərək ikili diplomların verilməsi, gələcəkdə birgə magistr və doktorant hazırlığı ilə bağlı ilkin razılıq əldə edib. O, institutun laboratoriya bazası ilə tanış olub, gələcəkdə birgə yerinə yetiriləcək layihələr barədə müzakirələr aparıb.
Növbəti görüş Rostok Universitetinin maşınqayırma və gəmi texnikası fakültəsinin dekanı, professor Hermann Seitz ilə keçirilib. Görüşdə Rostok Universitetinin texniki termodinamika kafedrasının müdiri, AzTU-nun fəxri doktoru, professor Hassel və kafedranın dosenti həmyerlimiz Cavid Səfərov iştirak ediblər. Tərəflər birgə kadr hazırlığı, müxtəlif ixtisaslar üzrə ikili diplomların verilməsi, beynəlxalq layihələrdə birgə iştirak məsələlərində razılığa gəliblər. Cavid Səfərovun təşəbbüsü ilə Sübhan Namazov Rostok Universitetinin texniki termodinamika kafedrasında AzTU və yerinə yetirilən layihələr haqqında təqdimatla çıxış edib. Rostok Universitetinin beynəlxalq əlaqələr və “Erasmus+” ofisinin rəhbəri Maykl Paulusla görüşdə isə beynəlxalq mübadilə, ikili diplom layihələrində iştirak etmək üçün mövcud mexanizmlər müzakirə olunub.
Daha sonra AzTU-nun prorektoru 2001-2002-ci illərdə çalışdığı Axen Texniki Universitetində olub. Universitetin Qara Metalların Metallurgiyası və Materiallar Texnologiyası institutlarında keçirilən görüşlərdə doktorant və magistr hazırlığı, həmçinin müxtəlif təhsil layihələrində birgə iştirakla bağlı razılıq əldə olunub. Qara Metalların Metallurgiyası İnstitutunun rəhbəri, professor Dieter Senk belə təşəbbüsləri dəstəkləyəcəyini bildirib. Görüşlər zamanı ikili diplom layihələrinin yerinə yetirilməsi də müzakirə olunub və bununla bağlı təklif müsbət qarşılanıb.